Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 2025-ci il mövsümünün 4-cü turu çərçivəsində VPS ilə üz-üzə gəlib.
Helsinki təmsilçisi məhsuldar alınan bu matçın yekununda 3:1 hesablı qələbəyə sevinib. Bu, HJK-nın yeni mövsümdəki ilk qələbəsidir. Futbolçumuzun komandası əvvəlki turlarda keçirdiyi 3 oyunun hamısında məğlubiyyətə üzülmüşdü. HJK hazırda 3 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Ozan VPS-lə görüşün 84-cü dəqiqəsində meydana buraxılıb. Amma millimizin üzvü məhsuldar fəaliyyəti ilə diqqət mərkəzinə düşə bilməyib.
Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu klubun heyətində 26 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.


