“Qarabağ”ın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarov UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı kimi iştirak edib.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Çakarov Şimali Makedoniya Futbol Federasiyasının təşkilatçılığı ilə Skopye şəhərində keçirilmiş UEFA-nın fitnes üzrə A kateqoriyalı məşqçi kursunda təlimatçı olub. Onun təlim keçdiyi seminara 15 ölkədən məşqçilər qatılıblar.
Çudomir Çakarov məşqçilərə təlimlər keçib, meydanda hazırlıq prosesini nümayiş etdirib. O, “Qarabağ”dakı iş prosesi ilə bağlı təqdimatla çıxış edib, sualları cavablandırıb. Kursa qatılan məşqçilər “Qarabağ”ın həftəlik hazırlıq tsikli və fiziki hazırlıq prosesi ilə yaxından maraqlanıblar, bu mövzuda fikir mübadilələri aparılıb.
Bolqarıstanlı məşqçilərin “Qarabağ”ın hazırlıq prosesi ilə maraqlanması təsadüfi deyil. Ardıcıl 11 il avrokubokların əsas mərhələsində çıxış etmiş “Qarabağ” bir çox Avropa ölkələrində marağa səbəb olub.
Bunun nəticəsidir ki, müxtəlif ölkələrdən olan mütəxəssislər baş məşqçi Qurban Qurbanov və texniki heyətin iş prinsipləri ilə yaxından tanış olmaq üçün komandanın bazasında təcrübə keçiblər. Qazaxıstan millisinin hazırkı baş məşqçisi Əli Əliyev və həmyerliləri İqor Soloşenko, Rinat Alyuetov, həmçinin Polşanın “Veçista” klubunun baş məşqçisi Dariuş Marzek, onun köməkçisi Yanus Svierad və digər mütəxəssislər müxtəlif vaxtlarda “Qarabağ”ın hazırlıq prosesində iştirak ediblər.



