Samir Abasov: “Tam fərqli komanda olmağa məcburuq”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularda rahatlıq var idi. Bunun fonunda çox şey yaxşı alındı. Elə matçlar olub ki, bundan da yaxşı oyun göstərmişdik. Elə son matçlara baxsaq, “Turan Tovuz”la oyunu qeyd edərdim. Nə çatmadı? Elə həmin şeylər çatmırdı ki, istədiyimizdən xeyli uzaq qaldıq. Bunlar bizi düşünməyə məcbur edir. Bu çatışmazlıqlar üzərində işləyirik. Yeni mövsüm tam başqa komanda olmağa məcburuq”.

Samir Abasov “düşünmürsünüz ki, kubokda final oynamaq üçün çempionatı qurban verdiniz” sualını isə belə cavablandırıb:

“Biz kubok və çempionatı bölməmişdik. Anlayırıq ki, hansı klubdayıq, hər bir oyunun məsuliyyəti var. Əlimizdə sırf kuboku tutub, çempionata başqa motivasiya ilə çıxmırdıq. Vallah, belə bir şey yox idi. Sadəcə şanssızlıq oldu. Sonda vəziyyət elə alındı ki, şansımız daha çox kubokda idi. Ona başqa cür hazırlaşdıq. Futbolçular da onu çıxış yolu kimi görürdülər. “Sabah”la görüşə də yaxşı başladıq, epizodları vursaydıq, finalda biz oynayardıq. Kubok və çempionatda ayrıseçlik etmədik, bundan sonra da etməyəcəyik”, deyə Samir Abasov bildirib.

Elvin Məmmədov: “Oyunçuları bu matça kökləmək çətin idi”

“Səbail”in məşqçisi Elvin Məmmədov isə məğlubiyyətə belə şərh verib:

“İki tur bundan qabaq Premyer Liqadan düşməyimiz rəsmiləşmişdi. Bu durumda oyunçuları matça kökləmək çətin idi. Nə qədər danışdıq, amma futbolçu psixologiyasıdır. Bilirdik ki, “Neftçi”nin də 5-ci yerə şansı var və bizə qarşı aqressiv oynayacaqlar. Bir oyunumuz qalıb. Onu düşünürük.

Yeni mövsümlə bağlı rəhbərliklə hələ dəqiq söhbət etməmişik. Ümid edirəm ki, “Səbail” yenidən iddialı olub, Birinci Liqadan Premyer Liqaya yüksəlmək üçün hər şeyi edəcək. İndi danışmaq tezdir. Danışıq olmayıb. Rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, Premyer Liqaya geri qayıdaq. Amma maliyyə məsələsi var. Çempionat bitdikdən sonra ətraflı danışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: