Murad Musayevin “Krasnodar”ı Rusiya çempionu oldu

“Krasnodar” futbol üzrə Rusiya Premyer Liqasının 2024/2025-ci illər mövsümünün çempionu adını qazanaraq, ilkə imza atıb.

Arena.az məlumat verir ki, “buğalar” çempionluğu yarışın sonuncu, 30-cu turunda Moskva “Dinamo”su üzərində 3:0 hesablı qələbə ilə doğma meydanda rəsmiləşdiriblər.

Bu, sözügedən komandanın Rusiya çempionatında ilk zəfəridir. “Buğalar” 67 xalla yarış cədvəlinin zirvəsində qərarlaşaraq, ən yaxın rəqibi, 66 xal toplamış Sankt-Peterburq “Zenit”ini 1 xal qabaqlayıblar.

Masazır “Sabah”ının keçmiş baş məşqçisi, 41 yaşlı rusiyalı mütəxəssis Murad Musayev “Krasnodar”ın sükanı arxasına qayıdışından sonra ilk tam mövsümündəcə “buğalar”ı çempionluğa daşıya bilib. “Krasnodar” yarış ərzində 20 qələbə qazanıb, 7 heç-heçə edib və 3 məğlubiyyət yaşayıb, top fərqi isə 59:23 nisbətindədir.

“Zenit” gümüş, 59 xal toplamış Moskva CSKA-sı isə bürünc medalçı olub. Moskva “Spartak”ı (57 xal) isə fəxri dördüncülüklə kifayətlənib.

Yarışın ən sərrast qolçusu adını Moskva “Spartak”ının 22 yaşlı kostarikalı mərkəz hücumçusu Manfred Uqalde qazanıb – 17 qol.

15-ci yeri tutmuş “Orenburq” (19 xal) və 16-cı yeri tutmuş “Fakel” (18 xal) aşağı dəstəyə yuvarlanıblar. 13-cü yeri tutmuş “Pari NN” (27 xal) və 14-cü yeri tutmuş “Axmat” (25 xal) isə Premyer Liqadakı yerlərini aşağı dəstənin təmsilçiləri ilə ələmə oyunlarında qorumağa çalışacaqlar.

Əlavə edək ki, Rusiya çempionluğu ən çox qazanmış klublar Moskva “Spartak”ı və Sankt-Peterburq “Zenit”idir. Hər iki klubun 10 çempionluğu var.

Xəbəri sosial şəbəkələrdə paylaş: