Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025 mövsümünün sonuncu – 20-ci turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları Bakı İdman Sarayında baş tutub.
Son turda ilk qələbəni “Şuşa” qazanıb. “Yasamal Bakı” isə mövsümü xal qazanmadan başa vurub.
Günün ikinci oyununda çempionluğu bir tur əvvəldən təmin etmiş “Araz-Naxçıvan” gənclər millisinin üzvlərinin yer aldığı U-19-la qarşılaşıb. Bu oyun Əmirhüsseyn Rəsuli üçün daha çox önəm kəsb edirdi. Belə ki, iranlı forvard bombardirlər yarışında önə keçmək üçün 10 qol vurmalı idi. Fasiləyə qədər rəqib qapısına 4 dəfə yol tapan Rəsuli ikinci hissədə də 15 qol vurmağı bacarıb. Yekunda “Baku Fire” komandasının üzvü Yaqo Henrikeni qabaqlayan iranlı forvard çempionatın bombardiri olub.
Turun son oyununda “Baku Fire” ilə “Neftçi” komandaları üz-üzə gəliblər. Bu qarşılaşma gümüş və bürünc medalçının taleyinə aydınlıq gətirib. İkinci pillədə yer alan və rəqibindən 1 xal artıq toplayan “Baku Fire” üçün məğlub olmamaq yetərli idi. Nominal meydan sahibi görüşün çox hissəsini ənənəvi oyun üslubuna uyğun – qapıçını meydan oyunçusu ilə əvəzləməklə keçirib. Hesabı da “5-ci oyunçu” kimi meydana çıxan Nurlan Mehdizadə açıb. Fasiləyə 41 saniyə qalmış hesaba tarazlıq gətirilib. Vahib Xocayev fərqlənib. Oyunda növbəti dəfə hesab 39-cu dəqiqədə dəyişib. Bu dəfə qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi” topu qapısında görüb. Fərid Abbasov qələbə qolunu vurub.
“Baku Fire” – “Neftçi” oyunu başa çatdıqdan sonra Yüksək Liqa komandalarına mükafatlar təqdim olunub. Əvvəlcə son matçı idarə edən hakimlər – Əli Cəbrayılov, Knyaz Əmiraslanov və Hacıəli Ağayev, hakim-inspektor Murad Məmmədova diplomlar, 54 qolla çempionatın bombardiri olan Əmirhüsseyn Rəsuliyə xatirə hədiyyəsi, “Araz-Naxçıvan”, “Baku Fire” və “Neftçi” komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar, diplomlar, çempiona kubok təqdim olunub.
Komandaları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev mükafatlandırıblar.
Qeyd edək ki, 2025-2026-cı illər mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” təmsil edəcək. “Qırmızı-ağlar”ın rəqibləri iyulun 3-də keçiriləcək püşkatmda məlum olacaq.
Yüksək Liqa
20-ci tur
29 may
Şuşa – Yasamal Bakı 10:4
Hakimlər: Hikmət Qafarlı, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 13:30.
Araz-Naxçıvan – U-19 22:1
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Bəxtiyar Osmanov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı. Saat 15:30.
Baku Fire – Neftçi İK 2:1
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hacıəli Ağayev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:15.
Xallar: Araz-Naxçıvan – 52. Baku Fire – 47. Neftçi İK – 43. Şuşa – 24. U-19 – 12. Yasamal Bakı – 0.


