“Araz-Naxçıvan”ın sağ cinah müdafiəçisi Ömər Buludov Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.
Arena.az bu barədə Naxçıvan klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünü 3-cü pillədə başa vuran və Avropa Konfrans Liqasında ölkəmizi təmsil etmək hüququ qazanan “Araz-Naxçıvan” “bürünc” heyəti qorumaq məqsədi ilə daha bir futbolçu ilə başa çatan müqavilənin müddətini uzadıb. Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Cinah müdafiəçisi ilə anlaşma 1 il müddətini əhatə edəcək. O, 2025/2026-cı illər mövsümünün sonunadək bu klubun uğurları üçün çalışmağa davam edəcək.
Ömər Buludov “Neftçi”nin yetirməsidir. O, əvvəllər yalnız paytaxt klubunun uğurları üçün çalışıb. 2024-cü ilin iyul ayından “Araz-Naxçıvan”da forma geyinən 26 yaşlı futbolçu bütövlükdə 25 oyuna çıxıb. Müdafiəçi bu görüşlərdə 1 qol da vurub.
Azərbaycanın U-21 yığmasında da oynamış Buludov 2019-cu ilin oktyabr ayında əsas millimizdə debüt etsə də, ondan sonra oynamaq şansı qazanmayıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” Buludovdan öncə baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalandığını açıqlamışdı.


