Birinci Liqanın qalibi olaraq yenidən Azərbaycan Premyer Liqasına qayıtmış “Qəbələ” klubu 5 futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, qapıçı Müşviq Nadirov, müdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələrin müddəti uzadılmayıb. Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin də icarə müddəti başa çatıb. Bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən “qırmızı-qaralar”ın formasını geyinirdi.
Klub, uğurunda əməyi olan futbolçulara təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Yeri gəlmişkən, “Qəbələ”in daha bir futbolçusu Emil Süleymanov da növbəti mövsümü “Şamaxı”da keçirəcək. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, gənc futbolçu 1 il müddətində Şamaxının eyni adlı komandasının şərəfini qoruyacaq. Klub onu icarəyə göndərib.
Xatırladaq ki, Emil Birinci Liqanın qalibi olmuş komandanın heyətində 27 oyun keçirib, 1 qol vurub.


