Premyer Liqada 2024/25 mövsümünün bürünc mükafatçısı “Araz-Naxçıvan” yarımmüdafiəçisi Vadim Abdullayev ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, müqaviləsinin müddəti bu yay başa çatan 30 yaşlı futbolçu ilə yeni sözləşməyə ehtiyac duyulmayıb. Klub rəhbərliyi futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, Vadim Abdullayev 2022-ci ilin iyul ayından “Araz-Naxçıvan”da çıxış edirdi. Təcrübəli futbolçu bu komandanın heyətində meydana çıxdığı 71 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəllər “Sabah”, “Simurq”, “Bakı”, “Qəbələ” və “Şüvəlan” kimi klublarda da forma geyinib.
Abdullayev “Araz-Naxçıvan”ın bu yay yollarını ayırdığı ilk futbolçudur. Muxtar Respublika təmsilçisi daha öncə Qara Qarayev, Slavik Alxasov, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla müqavilənin müddətini uzatdığını açıqlamışdı.


