“Zirə”nin legioner futbolçusu, nigerli sol vinger İssa Cibrilla Niger milli komandasının heyətində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Niger yığması ötən gün Qabon milli komandası ilə yoxlama oyununda üz-üzə gəlib.
7 qolun qeydə alındığı qarşılaşma Nigerin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Cibrilla bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Komandasının 4-cü qolunu da İssa vurub. O, 67-ci dəqiqədə rəqib müdafiəçi ilə qolkiper arasındakı anlaşılmazlıqdan istifadə edərək Qabon yığmasını cəzalandırıb.
29 yaşlı vingerin formasını geyindiyi Niger yığması iyunun 10-da Zimbabve ilə də yoxlama oyununda üz-üzə gələcək.
Xatırladaq ki, İssa Cibrilla 2023-cü ilin yanvar ayından “Zirə”nin uğurları üçün çalışır. Nigerli 29 yaşlı futbolçu geridə qalmış mövsümdə bu komandanın heyətində 32 oyuna çıxıb, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Cibrillanın “Zirə”nin heyətindəki ümumi statistikası 62 oyun, 5 qol və 5 məhsuldar ötürmədən ibarətdir. O, daha öncə Türkiyədə “Ankara Keçiörengücü” klubunun da formasını geyinib.
Cibrilla 2020-ci ilin oktyabr ayında debüt etdiyi Niger yığmasının heyətində 23 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.


