Vensan Till “Sabah”a lazım olmadı

Futbol üzrə Lüksemburq yığma komandasının hücumameyilli yarımmüdafiəçisi Vensan Till “Sabah”dan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Lüksemburqdan olan 25 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti yenilənməyib.

Vensan Till 2023-cü ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisində 35 oyuna çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Lüksemburqlu futbolçu karyerası ərzində “Po”, AİK (Solna), “Orleans”, “Nasional”, “Örebro”, “Mets”, “Vorskla” kimi klubların da formasını geyinib.

Till 2016-cı ildə debüt etdiyi Lüksemburq yığmasında 57 oyun keçirib, 3 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.

“Sabah” daha öncə Şakir Seyidov, Con İrasabal və Namiq Ələsgərovla da yollarını ayırmışdı. Paytaxt klubu gedənlərin əvəzində Akim Zedadka və Stiv Solveti transfer edib. Rəhman Daşdəmirov, Stas Pokatilov və Anatoli Nuriyevlə isə yeni müqavilə imzalanıb. Rüstəm Samiqullin, Fəxri Məmmədli, Rauf Rüstəmli də icarədən qayıdıblar.