“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə qarşı keçirəcəkləri ilk oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Sloveniya təmsilçiləri arasındakı ilk qarşılaşma iyulun 10-da Masazırda keçiriləcək.
Bu gün Masazır təmsilçisinin matçdan öncə mətbuat konfransı təşkil olunub. “Sabah”a bir müddət əvvəl baş məşqçi təyin edilmiş Valdas Dambrauskas əvvəlcə bunları söyləyib:
“Hamınızı salamlayıram. Şadam ki, oyunöncəsi mətbuat konfransında bu qədər insan görürəm. Avropada bu cür oyunlar çox önəmli və həyəcanlı olur. Həyəcanla və səbirsiziklə bu matçı gözləyirik. Rəqibin böyük təcrübəsi var. Ötən mövsüm çox sürprizlər ediblər. Bilirik ki, “Çelye” ötən mövsüm Konfrans Liqasında irəliləyib. Çox güclü rəqibdir. Amma məşqçilər korpusu, klub olaraq bu oyunu böyük səbirsizliklə gözləyirik. Əlimizdən gələni edəcəyik. Bütün azarkeşlərimizi stadiona dəvət edirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərməyə çalışacağıq. Çalışacağıq ki, ilk oyunda yaxşı nəticə əldə edək”.
Litvalı mütəxəssis “Sabah”ın baş məşqçisi təyin edilməsinə də münasibət bildirib:
“Belə vəziyyətlərdə çox tez qərar verirsən. “Sabah” təklif göndərəndə, başqa klubla müqaviləm var idi. “Sabah”ın çox iddialı olması qərarıma çox təsir etdi. Bilirəm ki, klub 8 ildir yaranıb. Çox uğurlar əldə ediblər. Ötən mövsüm kuboku qazanıblar. Klubun iddiası məni cəlb etdi və bura gəldim”.
Dambrauskas: “Sabah”da bu potensialı görürəm”
Valdas Dambrauskas “Çelye”yə qarşı oyunlar üçün planlarından da söhbət açıb:
“Bu tip oyunlarda xırda detallar çox şeyi həll edir. Rəqibi analiz edirik. Onlar ötən illə müqayisədə 5-6 önəmli oyunçunu itiriblər. Sadəcə, 1 yoxlama görüşü keçiriblər. Onların nəyə qadir olduğunu demək hələ çətindir. Bizim üçün müsbətdir. Bu dönəmdə bütün komandalar bərabər səviyyədə olur, komandaların oyun təcrübəsi olmur. Komandamı toplanışda gördüm, uşaqlar çox istəklidirlər. Mənim üçün ən əsası bunlardır.
İnanıram ki, belə davam etsək, inanaraq işləsək, uğurlu nəticələr olacaq. Komandamda bu potensialı görürəm. Komandamız hərəkətli, aktiv, modern oyun oynayır. Həmişə çalışıram ki, meydanda dominant tərəf biz olaq. Məşqçi kimi hücum futbolu oynatmağı sevən biriyəm. Çox istəyirəm ki, komandam 1 qoldan sonra 2-ci qolu vurmaq istəsin”.
Valdas Dambrauskas həyəcanlı olmağın fəsadlarından da söhbət açıb:
“Əlbəttə ki, birinci və ya axırıncı oyunda əsəbilik olur. Birinci matçda daha çox olur. Rəqibi tanımırsan, amma 5-10 dəqiqə sonra bu itir. Bu da normal haldır. Tamamilə həyəcanlı deyiləm, narahatlıq keçirmirəm, əsəbi deyiləm. İki həftə ərzində çox yaxşı məşq etmişik. İstəyərdim ki, daha çox məşqlərimiz olsun. Yoldaşlıq görüşləri bizim üçün önəmlidir. Hər zaman güclü rəqiblərlə qarşılaşmağa önəm verirəm. Belədə, öz problemlərimizi görə bilirik. Bu, mənim oyun tərzimdir.
Güclü rəqiblərlə oynamaq istəyirəm. Səhvləri oyunçulara göstəririk. Onlara göstərdim ki, nələri səhv etmişik. Yoldaşlıq görüşlərində 3:0 udacağıqsa, nəyi analiz edəcəyik, hansı zəif cəhətlərimizi onlara göstərəcəyik? Rəsmi matçlarda bu cür problemlərlə qarşılaşa bilərik. Uşaqlar da çox xoşbəxt idilər. Hər iki oyunda daha çox qol vura bilərdik. Hər şey istədiyimiz kimi mükəmməl deyil. Vaxtımız çox deyil. Amma oyunçularıma çox inanıram”.
Dambrauskas ötən mövsüm çempionatda uğurlu olmamış komandasında nələri dəyişmək istədiyinə dair sualı da cavablandırıb:
“Biz hər şeyin fərqindəyik. Ötən il birinci yerdəki komanda ilə xal fərqimiz 41 olub. Addım-addım böyümək istəyirik. Fərqi yavaş-yavaş aradan qaldırmağa çalışırıq. İki həftə ərzində çox pozitiv şeylər gördüm. Uşaqlara deyirəm ki, qorxamadan oynasınlar, səhv etməkdən qorxmasınlar. Onlara demişəm ki, səhvə görə onları danlamayacağam. Sadəcə, reaksiyaları düzgün verməliyik. Oyunçular arasında münasibət də önəmlidir. Eyni cinahda oynayan futbolçuların bir-birini başa düşməsi çox önəmlidir. Bütün komponentləri birləşdirmək lazımdır. Məşqdən-məşqə inkişaaf etməyi, artırmağı sevən məşqçiyəm. Hər şeyə addım-addım getməliyik”.
Pokatilov şansları bərabər hesab edir
Valdas Dambrauskas ilə birgə mətbuat konfransında qatılmış komandanın qapıçısı Stas Pokatilov da “Çelye” ilə oyundan gözləntilərini bölüşüb:
“Azərbaycanda futbol ilinin başlaması münasibətilə hər birinizi təbrik edirəm. Səbirsizliklə oyunu gözləyirik. Rəqibin güclü və zəif tərəflərini öyrənirik. “Çelye” güclü rəqibdir. Şanslar bərabərdir. Hamımız hazırıq. İlk matçda əla futbol göstərməyə çalışacağıq.
Əvvəlki məşqçi heyətimizə təşəkkür edirəm. Onlarla bərabər tarix yazdıq, ilk titulumuzu qazandıq. Yeni baş məşqçimiz Valdas Dambrauskasın oyun tərzi, qapıçılardan tələbi çox xoşuma gəlir”.


