Dambrauskas: “Çelye”ni yaxşı təhlil edə bilməmişdik”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Sloveniya təmsilçiləri arasındakı ilk görüş bu gün Masazırda baş tutub.

Beş qolluq oyunda qələbəni qonaqlar bayram ediblər. Litvalı mütəxəssis 2:3 hesabıyla uduzduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Öncə “Çelye”ni qələbə münasibətilə təbrik edirəm. Oyuna gəlmiş insanlara təşəkkür edirəm. Əla atmosfer yaratmışdılar. Amma əfsuslar olsun ki, evimizdə ilk oyunu uduzduq. Azarkeşlərimiz arenadan məyus ayrıldılar. Futboldur, ədalətli olmasa da, planlaşdırdığımız şeylər var idi, onları həyata keçirə bilmədik. Bu matçdan dərslər çıxararaq, sonrakı matçlarda yaxşı çıxış etməliyik.

Biz çox yaxşı rəqibə qarşı oynadıq. “Çelye” haqda çox az informasiyamız var idi. Rəqibi yaxşı təhlil edə bilməmişdik. Çünki sadəcə 1 yoxlama oyunu keçirmişdilər. Biz onların əvvəlki matçlarına baxmışdıq. Eyni tərzdə oynayırdılar. Bilirik ki, hər iki komanda yaxşı hazırlaşmışdı. “Çelye”nin oyun tərzinə bələd idik. Bunun qarşısını almağa çalışırdıq. Müsbət məqamlar var idi. Rəqibin cərimə meydançasına yaxın yaxşı təzyiqlər edirdik. Sonuncu ötürmələrimiz və zərbələrimiz bəzən alınmadı.

İkinci hissədə oyuna nəzarət bəzən bizdə, bəzən rəqibdə olurdu. Amma mövsüm irəlilədikcə, oyuna daha çox nəzarət etməyə çalışacağıq. Oyunçularım hər şeyi etdilər. Bəzən tələskənlik xeyrimizə olmadı. Bu gün döyüşü uduzduq, müharibəni isə uduzmamışıq. Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var. Dərs çıxaracağıq, Sloveniyaya inanaraq gedəcəyik. Orada da əlimizdən gələni edəcəyik ki, nəticəni xeyrimizə dəyişək”.

“Bizə güvənin, inanın” – Dambrauskas

Dambrauskas Sloveniyadakı cavab görüşündə nəyin sayəsində bu rəqibə qalib gələcəklərinə dair sualı isə belə cavablandırıb:

“Biz Azərbaycanı təmsil edirik. Bəzən futbolda uğur sizin yanınızda olmur, istədiklərinizi həyata keçirə bilmirsiniz. Amma mən oyunçularımıza daha çox hörmət etməyi tövsiyyə edərdim. Bu gün buraxdığımız hər 3 qolda öz səhvlərimiz var. Səhvlərdən dərs çıxarmalıyıq. Son dəqiqələrdə buraxdığımız qol üzücü və ağırdır. Oyunun qırılma nöqtəsi buraxdığımız 3-cü qol idi. Səfərdə asan olmayacaq. Hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, cavab görüşündə yaxşı nəticə əldə edək. Bizə daha çox güvənin, inanın”.

Dambrauskas hakimlər heyətinin Qazaxıstandan olmasına və formaların oxşarlığına dair sualları ətraflı cavablandırmaq istəməyib:

“Mən məşqçiyəm. Bu, daha çox UEFA-ya yönləndiriləcək sualdır. Mən onlara hörmət edirəm, istər Qazaxıstandan oslun, istərsə də Rumıniyadan. Bu gün yaxşı iş gördülər”, deyə Dambrauskas bildirib.

Albert Riera hakimlikdən və formalardan şikayətləndi

“Çelye”nin baş məşqçisi Albert Riera isə matçdan sonrakı mətbuat konfransında bunları dilə gətirib:

“Fikrimcə, bu cütün ilk oyununda ən güclü komanda biz idik. Rəqibin baş məşqçisi fikrimlə razılaşar, ya yox bilmirəm. Komandamda yorğunluq hiss edilirdi. Amma meydanda yalnız qələbə haqda düşünürdük. Matç 2:2 də bitə bilərdi. Meydanda baş verənlər bizim daha yaxşı, daha güclü olduğumuzu göstərirdi.

Hansısa futbolçu fərdi səhvə yola verə bilər. Ulduz futbolçular da bunu edirlər. Zinədin Zidan da topu itirib, mən də həmçinin. Əsas məsələ komandanın meydandakı ideoloji oyunudur. Əsas budur. Komanda olaraq bunu etdik. Fərdi səhvləri isə aradan qaldırmağa çalışacağıq.

Qarşıda bizi əlavə 90 dəqiqə gözləyir. İlk oyunun nəticəsi önəmli deyil. Sakitləşməliyik. Psixoloji olaraq, ikinci oyuna 0:0-dan başlayacağıq.

Penaltilər seriyasına da hazırıq. Futbolçularımızı hazırlamışıq. Amma indidən futbolçularımın beyninə bunun baş verəcəyini yeritmək istəmirəm. Olarsa, bunu yerinə yetirəcəyik.

Sonda bir şeyi qeyd etmək istəyirəm. Geyimlərin rəngi haqda danışmaq istəyirəm. Hər iki klubun geyimləri tünd rəngdə idi. Futbolçularım meydanda çaşqınlıq yaşayırdılar. Qazaxıstandan olan baş hakimə dedim ki, narıncı formalarımız da var. Amma mənim işim deyil ki, hakimə bunu qeyd edim. Hakim öz işini yaxşı bilməlidir. Komandalar meydanda oxşar formada oynayırdılar. Qazaxıstan və Azərbaycan arasında yaxınlıq var. Sloveniyada işləyirəm, Asvtriyadan olan hakimin oyunumuzu idarə etməsini istəməzdim”.

Xəbəri sosial şəbəkələrdə paylaş: