Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası 2025/2026-cı illər mövsümünün 3-cü turunda Plovdiv “Botev”i ilə qarşılaşıb.
Səfərdə baş tutmuş bu oyunda “Arda” yeni mövsümdəki ilk qələbəsini qazanıb – 5:0. Bunda meydan sahiblərinin iki oyunçusunun meydandan qovulması da böyük rol oynayıb.
Hüseynov bu görüşdə də 90 dəqiqə meydanda olub. O, əvvəli iki turda da 90 dəqiqə oynamışdı.
“Arda” 3 turdan sonra 4 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 53 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.


