Bu yay “Sabah”dan azad agent kimi ayrılmış yarımmüdafiəçi Namiq Ələsgərov bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Namiq Ələsgərov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, paytaxt təmsilçisinin heyətində 83 oyun keçirib, 7 qol və 8 məhsuldar ötürmə müəllifi olub. 30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.
Ələsgərov daha öncə “Neftçi”, “Qarabağ”, “Bakı”, “Kəpəz” və “Bursaspor”da da forma geyinib.
Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Namiq 2015-ci ildən formasını geyindiyi əsas millimizdə 39 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub.
“Zirə” daha öncə Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradov, Abdul Aziz Batibye və Vensan Tilli də heyətinə qatmışdı.
Rüstəm Əhmədzadə, Məqsəd İsayev, Pyer Zebli, Yusuf Laval və Salifu Suma komandanı tərk ediblər. Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı və Georgi Papunaşvili ilə də yeni müqavilə imzalanıb.


