2025/2026-cı illər mövsümünə hazırlaşan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç komandasının Qəbələ toplanışını dəyərləndirib.
Arena.az xəbər verir ki, “Sumqayıt” bu gün hazırlıq çərçivəsindəki sonuncu yoxlama oyununda bu gün “Qəbələ” ilə qarşılaşıb.
Saşa İliç 2:2 hesabıyla başa çatmış qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Fikrimcə, çox yaxşı və məhsuldar bir təlim-məşq toplanışı keçirdik. Bizə yaradılan şərait, meydançalar, qaldığımız otel, bir sözlə hər şey möhtəşəm idi. Ən önəmlisi budur ki, toplanışı zədəsiz başa vurduq.
Sonuncu yoxlama oyununa gəlincə isə düşünürəm ki, bu matç bütün oyunlarımızın arasında ən yaxşısı idi. Artıq komandam demək olar ki mənim nə istədiyimi dərk edir və ona uyğun çıxış etməyə çalışır. Əvvəlki matçlarda olduğu kimi, burada da sadə vəziyyətlərdə səhvlərə yol verdik. Mövsümün ilk matçı üçün qarşıda 1 həftə vaxtımız var. Düşünürəm ki, səhvlərimizin üzərində maksimum çalışıb, “Kəpəz”lə oyuna tam hazır olacağıq”.


