Elmar Baxşıyev: “Omoniya” ilə oyunumuz alınmadı”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 3-cü raundunda “Omoniya”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Kipr klubları arasındakı ilk görüş bu gün Bakıda baş tutub.

Oyun Naxçıvan təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Elmar Baxşıyev komandasının uğursuz çıxışını belə izah edib:

“Ağır oyun alındı. Düşünürdük ki, komanda olaraq müqavimət göstərə bilərik. Bilirdik ki, rəqibi təcrübəlidir. Zəif oynadıq. Qəbul etmək lazımdır. Bu tip oyunlarda bu sayda səhvlər nəticəsiz qalmır. Komanda olaraq, bəlkə də düzgün yanaşıb, davam etmək lazımdır”.

Elmar Baxşıyev “Neftçi”yə keçmiş İqor Ribeyronun yoxluğuna da toxunub:

“Ribeyro artıq “Neftçi”nin futbolçusudur. Bizim üçün Ribeyro məsələsi bitib. Zəif oynadıq. Sırf müdafiəçilər yox, müdafiə planında axsayırdıq. Futbolda yanaşma var. İlk gündən bu komandanı daha çox hücumda görmək istəyirəm. Bu oyuna hazırlıq da sırf ancaq hücum edəcəyik deyildi. Komandanı iki fazada hazırlamışdıq. Amma alınmadı.

Bəzən onu da qəbul etmək lazımdır ki, istəyirsən, amma alındıra bilmirsən. Bu, elə oyunlardan biri idi ki, nə dəyişiklik etsək də, komandaya vermək istəsək də, birinci hissə ikinci hissədən seçilmədi. Komanda olaraq uduzmuşuq. Bunu qəbul etmək lazımdır”.

Elmar Baxşıyev Patrik Andrade və Felipe Santosun daha çox fərdi oyuna üstünlük verməsinə də toxunub:

“Müasir futbolda daha çox fərdi keyfiyyətlərə də önəm verirlər. Bunu futbolçuların əlindən ala bilmərəm. Özgüvəni varsa, rəqibi keçmək də istəyəcək. Sırf Felipe və Andradenin fərdi hərəkətləri də nəticəyə təsir etmədi”.

Elmar Baxşıyev “Omoniya”dan qorxduqlarına dair fikirlərlə razılaşmayıb:

“Qorxu yox idi. Bilirdik ki, qarşımızdakı rəqib təcrübəlidir. Bəzən hazırlaşırsan, amma başqa sürprizlər olur. Komanda olaraq ardıcıl qollar buraxandan sonra oyuna qayıtmaqda çətinlik çəkdik. Bu da futbolçularımın zəif çıxışıdır, yox. Sadəcə bəzən istəyirsən, o da alınmır. Normal qəbul etmək lazımdır. Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşacağıq”.

“Omoniya”nın baş məşqçisi Henninq Berq isə matçdan sonra bunları dilə gətirib:

“Xoşbəxtik. Sevinirik ki, 4 qol vurduq, qol buraxmadıq. Hazırda bu nəticədən sonra komandamız yaxşı vəziyyətdədir. Amma heç nə tamamlanmayıb, evdə oynamalıyıq. İşimizi orada tamamlamalıyıq. Bu oyunda komandamız yaxşı idi. Müdafiə olunanda yaxşı işlədik. Komandanın performansından və nəticədən razı qaldım.

“Qarabağ”la qarşılaşanda səfərdə heç-heçə onamışdıq. Patrik Andrade də orada oynayırdı. “Qarabağ” daha təcrübəli idi, “Araz-Naxçıvan” yeni qurulan komandadır. 1-2 oyunla müqayisə aparmaq çətindir. 3-4 il vaxt keçib. “Araz-Naxçıvan” yaxşı oyun nümayiş etdirir. “Aris”ə qarşı çox yaxşı çıxış etdilər, inamlı qələbə qazandılar. Bu gün bizim qələbəmiz asan olmadı. Sadəcə, qollarımızı vurduq. Müdafiədə uğurlu çıxış etdik və “Araz-Naxçıvan”ın işini çətinləşdirdik”.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 14-də Nikosiyada baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: