Lion “Olimpik”inin və Gürcüstan millisinin mərkəz hücumçusu Georges Mikautadze bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.
La Liqa təmsilçisi bu transfer üçün 31 milyon avrosundan keçib. 24 yaşlı futbolçu yeni klubu ilə 6 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar futbolçu karyerasına “Mets”də başlayıb. Gürcü futbolçu 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə olub. Mikautadze 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, məhsuldar fəaliyyətlə fərqlənə bilməyib. Bu üzdən də hücumçu 2024-cü ilin yanvar ayında yenidən, amma icarə əsasında “Mets”ə qayıdıb. Mövsümün sonunda isə “Mets” 13 milyon avro məbləğ ödəməklə sabiq hücumçusunun transfer hüquqlarını da alıb. 2024-cü ilin iyul ayında Lion “Olimpik”i Mikautadzeni 18,5 milyon avro məbləğ müqabilində “Mets”dən tamhüquqlu əsasda öz düşərgəsinə qatmışdı.
Lion klubu gürcü futbolçu ilə müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. O, “Olimpik”in heyətində 49 oyuna çıxıb, 18 qol və 11 məhsuldar ötürmə ilə fərlqənib.
Georges Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan millisinin heyətində 37 oyun keçirib, 20 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.
“Vilyarreal” ABŞ klubu “Minnesota Yunayted”in kanadalı hücumçusu Tani Oluvaseyini də transfer edib. La Liqa klubu bu transfer üçün 8 milyon avrosundan keçib. 25 yaşlı forvardla 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.
Nigeriyada dünyaya göz açmış Tani Oluvaseyi 2022-ci ildən “Minnesota Yunayted”də çıxış edirdi. O, sözügedən komandanın heyətində 62 oyuna çıxıb, 20 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. 2023-cü ildə isə hücumçu “San Antonio”da icarədə olub – 27 oyun, 17 qol, 7 assist.
Oluvaseyi 2024-cü ildə debüt etdiyi Kanada yığmasının heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 2 assist edib.



