Manor Solomon “Vilyarreal”a, Raul Albiol “Piza”ya keçdi

Futbol üzrə İsrail yığmasının və “Tottenhem”in sol vingeri Manor Solomon bundan sonra “Vilyarreal”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

La Liqa təmsilçisi 26 yaşlı cinah hücumçusunu 2025/26 mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərtə nəzərdə tutulmayıb.

Karyerası ərzində “Makkabi” (Petah Tikva), “Şaxtyor” (Donetsk), “Fulhem” kimi klublarda da oynamış Manor Solomon “Tottenhem”ə 2023-cü ilin yayında azad agent kimi qoşulub. Onun London klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. “Tottenhem”də cəmi 6 oyun keçirib, 2 assistlə yadda qalmış Solomon, ötən mövsümü də “Lids”də icarədə keçirib – 41 oyun, 10 qol, 13 assist.

Solomon 2018-ci ildə debüt etdiyi İsrail yığmasının heyətində 44 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə müəllifi olub.

Raul Albiol və Denis Suares “Vilyarreal”ı tərk etdilər

“Vilyarreal”ın mərkəz müdafiəçisi Raul Albiol isə La Liqa klubundan azad agent kimi ayrılaraq İtaliyanın “Piza” komandasına keçib. 39 yaşlı futbolçu A Seriyası təmsilçisi ilə 1+1 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Raul Albiol 2019-cu ilin iyul ayından “Vilyarreal”da çıxış edirdi. İspaniyalı oyunçu bu komandanın heyətində meydana çıxdığı 201 oyunda 4 qol vurub, 1 assist müəllifi olub. O, daha əvvəl ölkəsində “Real” (118 oyun, 2 qol, 1 asist), “Xetafe” (17 oyun, 1 qol) və “Valensiya” (179 oyun, 8 qol, 1 asist) kimi klubların da formasını geyinib. Təcrübəli müdafiəçi İtaliyada “Napoli”nin də uğurları üçün çalışıb – 236 oyun, 6 qol və 9 məhsuldar ötürmə.

Raul İspaniya millisində də forma geyinib. O, yığmada 58 oyun keçirib. Albiol İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olub.

Raul Albiol kimi, hücumameyilli yarımmüdafiəçi Denis Suares də La Liqa klubunu azad agent kimi tərk edərək “Alaves”ə keçib. 31 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Karyerasının ilk illərində “Selta”, “Mançester Siti” və “Barselona” kimi klubların əvəzedici komandalarında oynamış Denis, peşəkar karyerasına “Sevilya”da start verib. O, sonralar London “Arsenal”ında, “Espanyol”da, “Vilyarreal”da çıxış edib. Suares “Vilyarreal”ın heyətində 75 oyun keçirib, 6 qol və 13 assistlə yadda qalıb.

Təcrübəli futbolçu İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, əsas millidə 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: