Samir Abasov yenə hakimləri hədəfə aldı: “İşimiz çoxdur”

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın 7-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, Zirədə baş tutmuş bu qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.

Samir Abasov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamla qürur duyuram. Oyuna yaxşı girə bilmədik. Rəqibimiz də çətin və sərt komanda idi. Buna baxmayaraq, hər an oyunu çevirə biləcəyimizə dair rahatlıq var idi. Futbolçular bunu bacardılar. Əzmkarlıq göstərdilər. Bu vaxta qədər bizə irad tutulan “Neftçi” ruhunu geri qaytarmışıq. Buna görə futbolçuların alınlarından öpürəm. Bu gün nəticəni və xalı qoyaq kənara, komandadan razıyam. Bəllidir ki, biz tək meydanda rəqibə qarşı oynamayacağıq. Futbolçularımızı da buna kökləməliyik. İşimiz çoxdur. Bundan əvvəlki oyunlarda da favorit, daha üstün olan biz idik. Sadəcə, qol epizodlarını məntiqli sonluqla bitirməklə bağlı problemlərimiz var. Qollar da vuracağıq, daha da yaxşı olacağıq. Futbolçularımdan razıyam”.

Samir Abasov bu oyunda hakimlikdən yenə narazı qaldığını da bəyan edib:

“Hakim görünməyən VAR-dan penalti çıxardı. Bu gün bizim udmağımız mümkünsüz idi. Maraqlısı da odur ki, dördüncü hakimə dəfələrlə yalvardım, dedim ki, qurban olum, mən uşaqları sakitləşdirəcəyəm, sən o epizoddan qabaq Kurçinin epizodunu baş hakimə izlətdir. Dedi, narahat olma, deyəcəyəm. Bilirəm axı deməyəcək. Dedim, yanındayam, denən. Baş hakim sonra bildirdi ki, Alessionun epizodu ilə bağlı mənə heç nə deyilmədi.

Azarkeşlərə deyirəm, heç kimin şübhəsi olmasın, yaxşı “Neftçi” olacağıq. Sadəcə, çoxunda yaxşı “Neftçi”ni görmək qorxusu var. Komandamla bunları aradan qaldıracağam”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: