Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev ötən gecə Fransa yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.
Arena.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə keçirilmiş Fransa – Azərbaycan matçı millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Elvin Cəfərquliyev matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Uduzsaq da, ən azından mübarizə apardıq. Rəqibin gücünü bilirsiniz, bu haqda çox danışmağa ehtiyac yoxdur. Əlimizdən gələni etdik. Komanda olaraq çox yorğunuq. Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır. Yorğunluğun bizə problem yaradacağını düşünmürəm. Belə qrafikdə oynamağa öyrəşmişik.
İlk hissənin sonunda buraxılan qol olmasaydı, nəticənin necə olacağını demək çətindir. Əsas odur, qoldan sonra dağılmadıq, həvəsdən düşmədik”.


