Rüfət oynamadı, “Varajdin” 1/4 finala yüksəldi

Azərbaycanlı yarımmüdafiəçi Rüfət Abdullazadə Xorvatiyanın “Varajdin” komandasının “Osiyek”lə matçında şans qazanmayıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Xorvatiya Kubokunun 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsi çərçivəsində “Osiyek”lə qarşılaşıb.

“Varajdin” doğma meydanda baş tutmuş bu oyunda əsas vaxtı 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirmiş Abdullazadənin komandası 1/4 finala vəsiqə qazanıb – 4:2. Azərbaycanlı vinger bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də salınmayıb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu ilin yayında “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə indiyə qədər “Varajdin”də 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: