Futbol üzrə Monteneqro yığmasının və “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç sosial şəbəkə hesabında paylaşım edib.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu 2025-ci illə bağlı fikirlərini bölüşüb:
“Çətinliklər, inkişaf və həm meydanda, həm də meydandan kənarda qazanılan bir çox uğurlarla dolu bir il oldu. Bu prosesdə görülən işlərə, yanımda olan insanlara, aldığım dərslərə və keçdiyim yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm”.
Xatırladaq ki, son dövrlərdə Yankoviçə bir sıra transfer təklifləri gəldiyi iddia olunur. Bu üzdən də onun qışda Ağdam klubunu tərk edəcəyi gözlənilir.
Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. 30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 147 oyun keçirib, 12 qol və 17 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.
Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 58 oyuna çıxıb, 1 qol və 7 məhsuldar ötürmə müəllifi olub.


