Futzal üzrə Yüksək Liqada qış fasiləsinə turnir cədvəlinin birinci pilləsində yollanmış “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Qırmızı-ağlar” braziliyalı müdafiəçi Jan Karlos Perreyra Kostayla anlaşıb. Sonuncu iş yeri Polşanın “Darkomp Vilanov” klubu olan 33 yaşlı futzalçı “5 ay+1 il” müddətinə son çempionun formasını geyinəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsi zamanı braziliyalı “stolb” Karlos Bertula ilə yollarını ayırıb.
Naxçıvan təmsilçisi Yüksək Liqanın 2025/2026-cı illər mövsümünün geridə qalmış hissəsində topladığı 25 xalla zirvədə qərarlaşıb. Komanda keçirdiyi 10 oyunda 8 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. “Neftçi” İK da 25 xal toplmasına baxmayaraq, ikincidir.


