Azərbaycan millisinin və Xorvatiyanın “Varajdin” klubunun futbolçusu Rüfət Abdullazadə bundan sonra “Zirə”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, klub Abdullazadə ilə müqavilə bağladığını rəsmən bəyan edib. 24 yaşlı vinger sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək “Varajdin”dən icarəyə götürülüb.
Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna 2025-ci ilin yayında “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə “Varajdin”də 10 rəsmi oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Abdullazadə “Sumqayıt”ın yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.


