Xorxe Kaskilya: “Turan”la matça qələbə üçün çıxmışdıq”

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 22-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, əyalət təmsilçilərinin bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Taktiki cəhətdən yüksək səviyyədə çıxış etdilər. “Turan Tovuz” son matçlarda qalib gəlir, psixoloji durumları yaxşıdır. Amma onlara qarşı yaxşı mübarizə apardıq. Çətin oyun alındı. “Turan Tovuz” avrokuboklarda oynamaq istəyir. Çox intensiv oyun gedirdi. Taktiki cəhətdən oyunçularımdan razıyam. Rəqibin futbolçuları fiziki cəhətdən güclüdür. Onlar bu sarıdan bizdən güclü idilər. Amma oyun quruluşunda bizim yarımmüdafə xətti rəqibin yarımmüdafiəsinin qarşısını ala bilirdi. Oyunumuzdan razıyıq. Birinci hissədə 1-2 epizod yaratdıq. İkinci hissədə çətinlik çəkirdik. “Turan Tovuz”un mərkəz müdafiəçiləri təcrübəli və güclüdürlər. Rəqibin gücünü nəzərə alaraq, əlimizdən gələni edirdik. Biz hücumumuza daha çox diqqət yetirəcəyik. Meydana qələbə üçün çıxmışdıq. Amma oyunun gedişatından razıyıq. Heç-heçə bizim üçün pozitiv nəticədir.

Limitli resursları olan “İmişli” kimi komanda üçün Premyer Liqada mübarizə aparmaq çətindir. Onu da nəzərə almaq lazımdır ki, müəyyən oyunlarda bəxt amili bizə qarşı olub. “Karvan” və “Araz-Naxçıvan”la matçlarda qələbə əlimizdən çıxdı. Bəxt məsələsində nəsə edə bilmərik. Hər oyunda qalib gəlmək istəyirik. Bizim üçün 3 xal qazanmaq prioritetdir. Son 8 oyunun ikisində uduzmuşuq – “Qəbələ” və “Qarabağ” kimi nəhəng rəqibə. “Turan Tovuz”la görüşdə qol buraxmadıq. Güclü rəqiblərə qarşı müqavimət göstəririk. Hazırda 10-cu pillədə qərarlaşan komandadan 5 xal öndəyik. Təbii ki, super mövqe deyil. Amma biz hər oyunda qalib gəlmək, tilsimi qırmaq istəyirik. Son 11 oyun bizim üçün çox çətin olacaq. Əziyyət çəkəcəyik. Amma buna hazırıq. Ümidimiz odur ki, daha çox zədə almayaq. Zədəlilərimiz var. Çətin olacaq, məqsədlərimizə uyğun irəliləyirik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: