Füzuli Məmmədov: “Premyer Liqaya qayıtmaq üçün…”

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 31-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşü Yevlax təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Füzuli Məmmədov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda meydanda döyüşkən futbol sərgilədi. Rəqibi tam təhlil etmişdik. Futbolçularımızı oyuna qələbə üçün kökləmişdik. Bir qol oyunun taleyini həll etdi. Oyunun gedişatında sistem dəyişikliyi edib, hesabı bərabərləşdirməyə çalışdıq. Amma “Turan Tovuz”un müdafiə xətti çox yaxşıdır. Rəqibi səhv etməyə məcbur etməyə çalışsaq da, alınmadı. Bir qol epizodumuz oldu, onu da reallaşdıra bilmədik. Hər futbolçuya təşəkkür edirəm. “Turan Tovuz”u təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram”.

Füzuli Məmmədov komandasının Premyer Liqanı tərk etməsinə də münasibət bildirib:

“Çox oyunlarımız oldu ki, qələbə qazana bilərdik. Uşaq səhvlərindən qollar buraxdıq. Çox məqamlar var. Oyunları bir-bir saya da bilərəm, hamısı xatirimdədir. İtirdiyimiz xallar oldu. Onlar bizə hava-su kimi lazım idi. Səfərdə “Turan Tovuz”a qalib gəlmək çətindir. Amma evdə qələbə qazana biləcəyimiz oyunlar az deyildi.

“Karvan”ın infrastruktur baxımından növbəti mövsümün sonunda Premyer Liqaya qayıtması üçün hər bir şəraiti var. Komandanın heyətində potensiallı futbolçular var. Premyer Liqaya yenidən geri qayıtmaq istəyiriksə, yaxşı komanda qurmalıyıq. Bunun üçün çempionat bitdikdən sonra rəhbərliklə danışığımız olacaq. Yaxşı komanda qurub yenidən Premyer Liqaya geri qayıda bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: