“Araz-Naxçıvan” ilə braziliyalı futbolçu Vanderson Melo arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 2023/2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən yarımmüdafiəçiyə klub rəhbərliyi karyerasında uğurlar arzulayıb.
Melo klub saytına qısa açıqlama da verib: “Burada 3 maraqlı mövsüm keçirdim. Uğurlu nəticələrimiz də oldu, təəssüfləndiyimiz oyunlar da. Komanda ötən mövsüm tarixində ilk dəfə olaraq üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik. Burada olmağıma şərait yaradan klub rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” hazırkından daha yaxşı çıxış edər və uğur qazanar”.
Xatırladaq ki, Vanderson Melo “Araz-Naxçıvan”da keçirdiyi 3 mövsüm ərzində 90 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


