Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 34-cü turu çərçivəsində Plovdiv “Botev”i ilə qarşılaşıb.
“Arda” səfərdə baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 2:1. Hüseynov 90 dəqiqə meydanda olub. Komandasının hər iki qolunu da azərbaycanlı futbolçu vurub. O, 61-ci dəqiqədə hesabı açıbsa, 70-ci dəqiqədə qələbə qoluna imza atıb.
“Arda” 34 turdan sonra 48 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 13 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 83 rəsmi oyuna çıxıb, 4 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.


