Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 35-ci turu çərçivəsində Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.
“Arda” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 4:0. Hüseynov 90 dəqiqə meydanda olub. Komandasının sonuncu qolunu da azərbaycanlı futbolçu vurub. O, 52-ci dəqiqədə Antonio Vutovun ötürməsini qolla tamamlayıb. “Arda”nın ilk üç qolunu isə məhz 25 dəqiqəyə het-trikə imza atmış Vutov vurub. Cəlal 48-ci dəqiqədə sarı vərəqə də alıb.
“Arda” 35 turdan sonra 51 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda cari mövsümdə 14 qələbə qazanıb, 9 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, “Zirə”nin yetirməsi olan Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 84 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, ötən ilin yayında yenidən Bolqarıstan klubuna qayıdıb.
Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.


