Füzuli Məmmədov: “Rəhbərliklə görüşdən çox şey asılıdır”

“Karvan”ın baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 33-cü turunda “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşü 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Füzuli Məmmədov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun turnir cədvəli baxımından heç bir əhəmiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüf ki, komandamız Birinci Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə, futbolçularıma “çox sağ ol” deyirəm. Əziyyətə olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram.

Birinci Liqaya düşsək də, orada iddialı olmağı və yenidən Premyer Liqaya geri qayıtmağı çox istəyirəm. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacağam. Bəli, bu komandada yaxşı futbolçular var ki, bizə Birinci Liqada da kömək edə bilərlər. Şərtlər yaxşı olarsa, futbolçularla danışarıq, onlar komandada qalarlar. Amma öncəlik rəhbərliyin istəyidir. Rəhbərliklə sabahkı görüşümüzdən çox şey asılıdır. Ondan sonra digər məsələlərə qayıdacağıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş: