“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan kubokunun finalında “Sumqayıt” üzərində qazandıqları qələbəni xüsusi qeyd etməyib.
Arena.az xəbər verir ki, moldovalı qolkiper bunu ölkəsinin mətbuatına açıqlamasında deyib.
34 yaşlı futbolçu bu cür məsələlərə xüsusi yanaşmadığını bildirib. Onun sözlərinə görə, matçdan sərhal sonra Moldovaya yola düşüb:
“Ziyafət, əl yükü, aeroport… Kubokdakı qələbəni belə qeyd etdim. Çempionatdakı uğursuzluqdan sonra hədəf avrokuboklara vəsiqə qazanmaq və sonuncu olmamaq idi. Sonda istəyimizə çatdıq. Rəhbərliyin komandanın qarşısına qoyduğu məqsədə nail olduq. Futbol ili çox qeyri-sabit keçdi, yaxşı və uğursuz oyunlar oldu, uğursuzluqlar da oldu. Amma yekunda ölkə kubokunu qazana bildik”.
“Keşlə” ilə müqaviləsinin müddəti başa çatan Namaşko gələcəyi barədə danışmaq istəməyib: “Komandada kimin qalacağını yalnız baş məşqçi bilir. Nəyisə təxmin etməyi sevmirəm. Yaxın günlərdə yığmaya qoşulacağam. Hazırda əsas fikrim millinin oyunlarındadır”.
Stanislav iyunun 6-da Kişinyovda Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyununa da toxunub: “Azərbaycanda 4 il birlikdə oynadığım uşaqları görmək xoş olacaq. Bəziləri ilə komanda yoldaşı, bəziləri ilə rəqib olmuşam. “Keşlə”dən milliyə dəvət alan Şəhriyar Əliyev və Azər Salahlı ilə danışmışam. Onlarla Kişinyovda görüşəcəyik”.
Qeyd edək ki, Stanislav Namaşko 2019-cu ildən “Keşlə”də çıxış edir. Təcrübəli qolkiper Azərbaycanda 2014-2016-cı illər aralığında AZAL-da, 2018/19 mövsümündə “Zirə”də də forma geyinib. Moldova millisində 50-dən çox oyun keçirmiş qolkiper, geridə qalan mövsümdə “Keşlə”nin heyətində 23 Premyer Liqa matçına çıxıb. Onun komandası isə mövsümü 26 xalla 6-cı pillədə başa vurub.


