Velko Simiç daha 2 il “Sabah”da!

Futbol üzrə Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi “Sabah” cinah hücumçusu Velko Simiç ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Serbiyalı futbolçu ilə yeni müqavilənin müddəti 2 ildir. Simiç “Sabah”la yeni müqaviləni azad agent kimi bağladığından, onun keçidi ilə bağlı hər hansı ödəniş edilməyib.

Qeyd edək ki, Velko ötən ilin avqust ayında Türkiyənin “Sivasspor” klubundan icarə əsasında “Sabah”a qoşulub. O, komandanın heyətində ümumilikdə 34 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə verib.

Simiç son mövsümdə “Sabah”ın heyətində Azərbaycan çempionluğunu və Azərbaycan Kubokunu qazanıb.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında da çıxış edib.

Velko Simiç Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: