“Qarabağ”ın mərkəz yarımmüdafiəçisi Marko Yankoviç futbol üzrə Monteneqro milli komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Monteneqro millisi ötən gecə yoxlama oyunu keçirib.
Sözügedən komanda səfərdə Slovakiya yığması ilə üz-üzə gəlib. Yankoviç də bu görüşün iştirakçısı olub. O, 2:2 hesabıyla bitmiş görüşə start heyətdə başlayıb, 69-cu dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Marko Yankoviç 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Təcrübəli futbolçunun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun 30-na qədərdir.
30 yaşlı mərkəz yarımmüdafiəçisi Ağdam klubunda 171 oyun keçirib, 13 qol və 19 məhsuldar ötürmə müəllifi olub.
Yankoviç karyerası ərzində “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Olimpiakos”, OFK, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” kimi klublarda da çıxış edib.
Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 61 oyuna çıxıb, 1 qol və 10 məhsuldar ötürmə müəllifi olub.


