Cəlal Hüseynov: “Yeni klubumla bağlı tələsmək istəmirəm”

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov San Marino yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, sözügedən komandalar sabah Macarıstanın Sombathey şəhərində üz-üzə gələcəklər.

Cəlal Hüseynov bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Mövsüm başa çatdıqdan sonra yay toplanışı keçiririk. Bir qədər çətinliklər var. Amma bu, bizim işimizdir və gileylənmək günah olardı. Sadəcə, mövsümün sonunda yığılmış müəyyən yorğunluq özünü göstərir. Buna baxmayaraq, bura tam işgüzar əhval-ruhiyyədə gəlmişik. Artıq bir oyun oynamışıq. Ümumilikdə, bu toplanış UEFA Millətlər Liqasına hazırlıq baxımından çox yaxşıdır. Komandada əla ab-hava hökm sürür. Sabah qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik.

San Marino dünya reytinqində bizdən aşağı pillələrdə qərarlaşsa da, yaxşı komandadır. Onların oyununu izləmişik. Asan olmayacaq. Mənim də qol vurmağım yaxşı olardı, lakin ən vacibi komandanın qələbəsidir, çünki bu qələbə bizə çox lazımdır”.

Cəlal Bolqarıstanın “Arda” klubu ilə müqaviləsinin müddətinin bitdiyini və özünə yeni komanda axtardığını bildirib:

“Hazırda azad agent statusum var. Karyeramı xaricdə davam etdirməyi planlaşdırıram. Ayın ortalarına yaxın yeni klubumun adına aydınlıq gələcək. Tələsmək istəmirəm, çünki ən doğru qərarı verməyə çalışıram”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: