Xəyal Əliyev əməliyyat olundu

Futbol üzrə Azərbaycan milli komandasının və sonuncu ölkə çempionu “Sabah”ın cinah hücumçusu Xəyal Əliyev əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə açıqlama yayıb.

Xəbərdə bildirilir ki, futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən cərrahi əməliyyat keçirib. Madrid şəhərindəki klinikalardan birində baş tutmuş əməliyyat uğurla yekunlaşıb. Məlumatda Xəyalın yaşıl meydanlara nə zaman dönəcəyi açıqlanmayıb.

Xatırladaq ki, Xəyal Əliyev bir neçə gün öncə Azərbaycan milli komandasının heyətində Malta yığmasına qarşı keçirdikləri yoxlama görüşünün əvvəlindəcə əzələsindən zədə almış və əvəzlənmək məcburiyyətində qalmışdı. Baş məşqçi Ayxan Abbasov onun əvəzində Nəriman Axundzadəni meydana buraxmışdı. Qarşılaşma isə Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Xəyal “Sabah”ın heyətində geridə qalmış mövsümdə “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub. Amma bu zədə səbəbindən o, “bayquşlar”a UEFA Çempionlar Liqasının oyunlarında kömək edə bilməyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: