Panama millisinin və “Turan Tovuz”un mərkəz müdafiəçisi Roderik Miller DÇ-2026-da ilk turun oyununda iştirak şansı qazanmayıb.
Arena.az xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nın L qrupunda Qana və Panama milliləri üz-üzə gəliblər.
Torontoda keçirilmiş qarşılaşma Qananın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın böyük hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalar yaranan imkanlardan istifadə edə bilməyiblər. Qarşılaşmanın taleyi əlavə olunmuş vaxtda həll edilib. Çaleb Yirenkyi 90+5-ci dəqiqədə fərqlənərək Qanaya üç xal qazandırıb.
Miller matçın iştirakçısı olmayıb. Panamanın mərkəz müdafiəçisi sonadək ehtiyat oyunçular skamyasında əyləşib.
Xatırladaq ki, Miller Panama millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyətində yer alıb. Bununla da Miller Azərbaycan Premyer Liqasında çıxış edərək dünya çempionatına dəvət almış ilk futbolçu kimi tarixə düşüb.
Qeyd edək ki, Panama millisi dünya çempionatında Xorvatiya, İngiltərə və Qana yığmaları ilə birgə L qrupunda mübarizə aparır.
Roderik Miller “Turan Tovuz”a 2023-cü ilin mart ayında transfer olunub. O, indiyə qədər Tovuz təmsilçisinin heyətində 80 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. Müdafiəçi Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn”, İraqın “Əl-Quva” və “Əl-Mina” klublarında legioner həyatı yaşayıb.
Roderik Panama millisində 48 oyun keçirib, 2 qola imza atıb, 1 assist müəllifi olub. O, Panamanın U-20 və U-23 yığmalarında da oynayıb.


