Miroslav Kubek: “Heç-heçədən məyusuq”

Çexiya yığmasının baş məşqçisi Miroslav Kubek dünya çempionatının qrup mərhələsində CAR millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutmuş Çexiya – Cənubi Afrika Respublikası matçında qalib müəyyənləşməyib – 1:1.

Miroslav Kubek matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu nəticədən məyusuq. Çünki yaratdığımız qol imkanlarına baxsaq, qələbəyə daha yaxın olan tərəf biz idik. Lakin bir səhvə yol verdik və bu səhv bizə qələbə bahasına başa gəldi. Buna baxmayaraq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm”.

Cənubi Afrika Respublikası yığmasının baş məşqçisi Huqo Bros da oyundan sonra komandasının çıxışından razı qaldığını bildirib.

“Komandamla çox fəxr edirəm. Bu, Cənubi Afrikadır – biz gözəl futbolu sevirik, aqressiv oynayırıq və qol imkanları yaradırıq. Bəli, səhvlər etdik, amma bugünkü çıxışımızla fəxr edirəm. Çexiya güclü komandadır və heyətində çox hündürboylu futbolçular var. Buna baxmayaraq, biz çox yaxşı oynadıq.

Hesabın 1:1 olması bir qədər təəssüf doğurur. İndi isə Cənubi Koreyaya qarşı oyunda qalib gəlməliyik. Həmin matç da çox çətin olacaq. Əgər bugünkü əzmkarlıq və yanaşma ilə oynasaq, buna nail olmaq mümkündür”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: