21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) üzvü Murad Məmmədov “Pafos”a transferinin uğurlu addım olacağını düşünür.
Arena.az xəbər verir ki, gənc futbolçu bunu Kipr klubunun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:
“Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bu kluba keçidimin karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm”.
Murad Məmmədov 47 nömrəli formanı seçməsinin səbəbini də açıqlayıb:
“Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və 4 nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, 7 nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim. Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib 47-ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir”.
Qeyd edək ki, Kiprin “Pafos” klubu “Neftçi”nin yetirməsi olan 20 yaşlı Murad Məmmədovu yay azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.


