Aqirre: “Meksika yığmasının özünəməxsus xarakteri var”

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xavyer Aqirre dünya çempionatının qrup mərhələsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xatırladır ki, DÇ-2026-nın qrup mərhələsinin sonuncu turunun Çexiya – Meksika matçı mundialın meydan sahiblərindən biri olan meksikalıların möhtəşəm qələbəsi ilə yekunlaşıb – 3:0.

Aqirre matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu komandanın özünəməxsus xarakteri var. Futbolçular böyük uğur qazandılar. Qrup mərhələsində maksimum nəticə göstərdik. Qol da buraxmadıq. Oyunçularımdan məmnunam. Heyətdə gənc futbolçular da var. Onlar bizim gələcəyimizdir. Gələcək üçün möhkəm təməlimiz var”.

Çexiya millisinin baş məşqçisi Miroslav Koubek də məğlub olduqları və turnirlə vidalaşdıqları oyundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis dünya çempionatının komandanın çatışmazlıqlarını üzə çıxardığını bildirib və gələcəkdə heyətdə dəyişikliklər edəcəyini açıqlayıb.

“Bu dünya çempionatı göstərdi ki, inkişaf etməliyik və mundial kimi yüksək səviyyəli turnirlərdə uğurla çıxış etməyi bacaran daha çox rəqabətədavamlı futbolçuya sahib olmalıyıq. Əminəm ki, müəyyən dəyişikliklərdən sonra növbəti yarışlarda nəticələrimizi yaxşılaşdıracağıq. Mən milliyə daha güclü futbolçular dəvət edəcəyəm”, – deyə Koubek bildirib.

Baş məşqçi qrupun əsas favoriti kimi Meksika millisini göstərib.

“Qrupumuzda aşkar favorit Meksika idi. Biz isə Cənubi Koreya və Cənubi Afrika ilə oyunlarda daha yaxşı çıxış etməli idik”, – deyə çexiyalı mütəxəssis əlavə edib.

Qeyd edək ki, Çexiya millisi DÇ-2026-nın qrup mərhələsini adlaya bilməyərək turnirlə erkən vidalaşıb. Meksika seçməsi isə A qrupunu 9 xalla birinci pillədə bitirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: