Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Hüqo Bros DÇ-2026-nın qrup mərhələsinin son turunda Cənubi Koreyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, A qrupunun sonuncu turunun oyunu Afrika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hüqo Bros matçdan sonra fikirlərini bölüşüb. Belçikalı mütəxəssis komandasının çıxışından məmnun qaldığını bildirib və son illərdə əldə olunan uğurları yüksək qiymətləndirib:
“Bu an nə hiss etdiyimi izah etmək çətindir. Bu, fantastik təcrübədir. Biz həqiqətən yaxşı oynadıq və qol epizodları yaratdıq. Taktiki baxımdan əla çıxış etdik, Cənubi Koreya isə ehtiyac duyduğu boş zonaları tapa bilmədi. Qolu vurduqdan sonra növbəti 20 dəqiqə çox böyük gərginlik şəraitində keçdi.
Son beş ildə əldə etdiklərimiz sadəcə heyrətamizdir. Bu qədər uzun müddət birlikdə çalışdıqda məşqçi ilə komanda arasında xüsusi bağ yaranır. Bu artıq təkcə məşqçi ilə futbolçular arasındakı münasibət deyil, biz dost olmuşuq. İndi sadəcə bu anın həzzini çıxarmalıyıq”, – deyə Bros bildirib.
Cənubi Koreya millisinin baş məşqçisi Honq Myunq-bo isə məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürüb.
“Futbolçularımız bu oyunda meydanda əllərindən gələni etdilər. İlk qolu buraxdığımız üçün məyusuq. Qeyri-qənaətbəxş nəticəyə görə məsuliyyət baş məşqçi kimi tamamilə mənim üzərimə düşür”.
Qeyd edək ki, Cənubi Afrika Respublikası millisi qrup mərhələsini uğurla başa vuraraq DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanıb, Cənubi Koreya isə turnirlə vidalaşıb.


