Təcrübəli futbol mütəxəssisi Miroslav Kubek qarşılıqlı razılıq əsasında Çexiya milli komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Çexiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Qərar Çexiya Futbol Assosiasiyasının prezidenti David Trunda ilə aparılan görüşdən sonra qəbul olunub. Assosiasiya rəhbərinin sözlərinə görə, Kubek şəxsi görüş zamanı vəzifəsini onun sərəncamına verdiyini bildirib və tərəflər arasında aparılan açıq müzakirələrdən sonra əməkdaşlığın dayandırılması qərara alınıb:
“İlk görüşümüzdə Çexiya futbolu və millinin gələcəyi ilə bağlı uzun müzakirələr aparmışdıq. Qarşımıza iki əsas məqsəd qoymuşduq – 20 ildən sonra milli komandanı yenidən dünya çempionatına çıxarmaq və onun uzunmüddətli inkişafı üçün möhkəm təməl yaratmaq. Bu məqsədlərdən birincisinə nail olduq. Dünya çempionatına vəsiqə qazanılması Çexiya futbolu üçün mühüm hadisə idi və Miroslav Kubekin bu uğurda böyük payı var”, – deyə David Trunda bildirib.
O, Kubeki yalnız təcrübəli mütəxəssis kimi deyil, həm də yüksək insani keyfiyyətlərə malik şəxs kimi tanıdığını vurğulayaraq, ona gördüyü işlərə görə təşəkkür edib.
Miroslav Kubek isə dünya çempionatındakı uğursuz çıxışdan sonra istefa verməyi məqsədəuyğun hesab etdiyini söyləyib:
“Dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi kimi məsuliyyət daşıyıram. Bütün halları nəzərə alaraq, vəzifəmi federasiya prezidentinin sərəncamına vermək qərarına gəldim. Müzakirələrdən sonra o, təklifimi qəbul etdi və beləliklə, milli komandadakı fəaliyyətim başa çatdı”, – deyə Kubek bildirib.
69 yaşlı mütəxəssis qərarına son dövrlərdə onun əleyhinə aparılan və yarımhəqiqətlərə əsaslanan media kampaniyasının da təsir etdiyini vurğulayıb:
“Belə bir atmosferdə Çexiya millisi üçün işləməyin artıq mənası qalmamışdı”, – deyə o əlavə edib.
Miroslav Kubek Çexiya Futbol Assosiasiyasının rəhbərliyinə, məşqçilər korpusuna, futbolçulara və azarkeşlərə təşəkkürünü bildirib, milli komandanın gələcəkdə yeni uğurlara imza atacağına inandığını qeyd edib.
Qeyd edək ki, Miroslav Kubekin rəhbərliyi altında Çexiya millisi 20 ildən sonra yenidən dünya çempionatına vəsiqə qazanmışdı.


