Futbol üzrə Azərbaycan milli komandasının cinah hücumçusu Vüsal İsgəndərli bundan sonrakı karyerasını Kosovoda davam etdirəcək.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu ölkənin “Malişeva” klubu ilə anlaşıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, millimizin futbolçusu son olaraq Albaniyanın “Partizani” klubunda çıxış edib. Vüsal İsgəndərli Albaniya klubuna 2025-ci ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçmişdi. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atmışdı. O, geridə qalmış mövsümdə bu komandanın heyətində 35 oyuna çıxıb, 6 qola imza atıb, 3 məhsuldar ötürmə verib.
Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 7 oyunda 1 qola imza atıb, 1 məhsuldar ötürmə verib.



