“Torpedo” “Zirə” ilə oyunlara super kubokun qalibi kimi çıxacaq

Avropa Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Torpedo” bu gün Gürcüstan Super Kuboku uğrunda final oyununa çıxıb.

Arena.az xəbər verir ki, Kutaisi təmsilçisi həlledici matçda “İberiya” ilə qarşılaşıb.

Dörd gün əvvəl yarımfinalda Gürcüstan Kubokunun sonuncu qalibi “Dila”nı məğlub etmiş (1:0) “Torpedo” bu dəfə də meydandan qalib ayrılıb.

Əsas vaxtı 2:2 hesabı ilə yekunlaşmış görüşün penaltilər seriyasında “Torpedo” qələbə qazanaraq (6:5) super kuboka sahib olub.

Maraq üçün qeyd edək ki, bu oyunda “İberiya”nın yeni transferlərindən olan, bu yay məhz “Zirə”dən ayrıldıqdan sonra Gürcüstan klubuna keçmiş Eldar Quliyev də “Torpedo”ya qarşı oynayıb. Amma o, 77-ci dəqiqədə meydana buraxıldıqdan cəmi bir neçə dəqiqə sonra (83-cü dəqiqədə) birbaşa qırmızı vərəqə alaraq komandasını çətin vəziyyətdə qoyub.

“İberiya”nın baş məşqçisi də ötən mövsüm “Araz-Naxçıvan”ı çalışdırmış Andrey Demçenkodur.

Xatırladaq ki, “Zirə” ilə “Torpedo” arasında ilk matç iyulun 8-də Sumqayıtda, cavab görüşü iyulun 16-sı Kutaisidə keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: