Avstriyanın Tirol şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün növbəti yoxlama matçını keçirib.
Arena.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda Ukrayna təmsilçisi “Polesye” ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan çempionunun 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. “Bayquşlar”ın yeganə qoluna Velko Simiç imza atıb. “Polesye”nin heyətində isə qollardan birini bu yay “Qarabağ”dan “Polesye”yə keçmiş Leandro Andrade vurub.
Xatırladaq ki, “Sabah” bu toplanış çərçivəsində daha əvvəl “Universitatya” (Krayova, Rumıniya) və “Ferentsvaroş”la (Macarıstan) qüvvəsini sınamışdı. Hər iki görüş 1:1 hesabı ilə başa çatmışdı.
Azərbaycan çempionu yeni mövsümdə ölkəmizi UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək. Paytaxt klubu bu turnirin ilk təsnifat mərhələsində Uels təmsilçisi TNS ilə qarşılaşacaq.


