Rəşad Sadıqov: “Hazırlıq üçün vaxtımız az idi”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Torpedo”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstan komandaları arasındakı ilk oyun sabah Sumqayıtda baş tutacaq.

Rəşad Sadıqov bu gün təşkil edilmiş mətbuat konfransında Kutaisi təmsilçisi ilə ilk oyundan gözləntilərini paylaşıb:

“Bizi önəmli oyun gözləyir. Hazırlığı tamamlamışıq. Sabah baş tutacaq matçda əlverişli nəticə əldə etmək niyyətindəyik. Rəqibimiz təcrübəlidir. Sabit olaraq avrokuboklarda çıxış edirlər. Hazırlaşmaq üçün vaxtımız az oldu. Bizim komanda da təcrübəlidir. Qarşımızda çox yaxşı komanda olacaq. Bəzi matçlarına baxmışıq, təhlil etmişik. Avrokuboklara xüsusi hazırlıq olur. Futbolçular da bunu hiss edirlər”.

Rəşad Sadıqov komandasındakı itkilərdən də söhbət açıb:

“Zədələr futbolun ayrılmaz hissəsidir. Sadəcə, bizdə tez-tez olur. Buna uyğunlaşmaq çətindir. Hansısa həmlə etmək üçün vaxt azalır. Aydın Bayramov kimi təcrübəli qapıçımız da var. Maykonun zədələnməsi bizi narahat etməyə bilməz. Amma inanıram ki, Aydın onun yoxluğunu hiss etdirməyəcək”.

Baş məşqçi bir neçə futbolçu ilə yolları ayırdıqlarını söyləyib:

“Avrokuboklara hazırlaşmaq üçün çox vaxtımız olmadı. Tələsərək seleksiya etmək istəmədik. 5-6 transfer hələlik açıqdır. Bizi ağır mövsüm gözləyir. Rəqiblər güclü olacaqlar. Bütün məqamları futbolçularla danışmışıq. Bəzi futbolçular toplanışa artıq çəki ilə gəldilər. Çünki avrokuboklarda iştirak planda yox idi. Bəlkə daha əvvəl vəsiqə qazansaydıq, belə olmazdı və futbolçular da düşərgəyə daha intizamlı gələrdilər”.

Mətbuat konfransında iştirak edən “Zirə”nin kapitanı Qismət Alıyev də “Torpedo”” ilə ilk oyundan öncə fikirlərini bölüşüb:

“Bizim də kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq. Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq”.

Xatırladaq ki, “Zirə” – “Torpedo” oyunu sabah Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək. Komandalar arasındakı cavab qarşılaşması isə iyulun 16-da baş Kutaisidə tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: