“Qarabağ”ın sabiq yarımmüdafiəçisi, kabo-verdeli futbolçu Leandro Andrade yeni klubu “Polesye”nin mətbuat xidmətinə müsahibə verib.
Arena.az xəbər verir ki, Kabo-Verde millisinin üzvü Ukrayna komandasını seçməsinin səbəblərindən danışıb:
“Futbolçu kimi qalib gəlmək istəyən, baxımlı futbol oynayan komanda axtarırdım. Bunu əminliklə deyirəm, çünki ötən mövsümün oyunlarına baxmışam. Klub məni transfer etmək üçün böyük istək göstərdi. Bildiklərimə əsasən deyə bilərəm ki, irəli getmək üçün hər şeyimiz var. Komanda topa çox nəzarət edir və yüksək pressinq tətbiq edir”.
Leandro Andrade “Qarabağ”dan ayrılmasının asan olmadığını da vurğulayıb:
“4 il yarım ərzində orası mənim üçün evə çevrilmişdi. Orada ömürlük dostlar qazandım və azarkeşlərin böyük sevgisini hiss etdim. Məni tez-tez “qızıl oğlan” adlandırırdılar. Avropada qalmaq və inkişaf etməyi hədəfləyən klubda oynamaq istəyirdim. Burada çıxış etmiş bəzi futbolçularla danışdım. Onlar klubun necə işlədiyini izah etdilər və bu, qərarıma ciddi təsir göstərdi”.
“Kaşuk “Polesye”nin adını eşidən kimi “get” dedi”
29 yaşlı yarımmüdafiəçi Ukraynaya keçidi ilə bağlı tərəddüdlərinin olduğunu da gizlətməyib:
“Keçmiş komanda yoldaşım Aleksey Kaşuk “Polesye”nin adını eşidən kimi “get” dedi. O, Ukraynanın çox gözəl ölkə, insanların isə çox mehriban olduğunu söylədi və özümü evdəki kimi hiss edəcəyimi bildirdi. Mənə elə gəlir ki, mentalitet portuqal və ya kabo-verdelilərdən çox da fərqlənmir.
“Qarabağ”da çalışan ukraynalı fizioterapevtlə də danışdım. O da heç tərəddüd etmədən gəlməyimi məsləhət gördü. Müharibə ilə bağlı məlumatı çox olmayan əcnəbi üçün müəyyən risk var. Amma uzun illərdir Ukraynada oynayan çoxlu legioner var və xoşbəxtlikdən onların başına heç nə gəlməyib”.
Leandro Andrade karyerasının ən yaddaqalan oyununun “Benfika”ya qarşı olduğunu bildirib:
“Heç vaxt unutmayacağım matç Çempionlar Liqasında “Benfika”ya qarşı oyun idi. Uşaqlıqdan azarkeşlik etdiyim komandaya qol vurduq və qalib gəldik”.
O, Avropa Konfrans Liqası barədə də fikirlərini bölüşüb:
“Heç vaxt Konfrans Liqasının qrup mərhələsində oynamamışam, yalnız pley-offda iştirak etmişəm. İstənilən Avropa turnirində çıxış etmək çox çətin və rəqabətlidir.
“Qarabağ” ötən mövsüm “Kopenhagen”lə qarşılaşmışdı. Bu, güclü komandadır. Biz hesabda önə keçsək də, onlar təşəbbüsü ələ aldılar. Yenə də qol vurmaq bizə qismət oldu. İstəyirəm ki, komandamız Konfrans Liqasında oynasın. Rəqib kim olursa-olsun, özümüzə həmişə inanmalıyıq”.
Qeyd edək ki, “Polesye” Leandro Andradeni bu yay təxminən 3 milyon avro qarşılığında transfer edib.


