Futbol üzrə Kolumbiya yığma komandasının 35 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xames Rodriges ABŞ klubu “Minnesota”dan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli futbolçu bu ilin fevralından “Minnesota”nın formasını geyinirdi. O, MLS təmsilçisinin heyətində keçirdiyi 8 oyunda 2 məhsuldar ötürmə edib.
Xames Rodriqes futbolçu karyerası ərzində Kolumbiya, Argentina, Portuqaliya, Fransa, İspaniya, Almaniya, İngiltərə, Qətər, Yunanıstan, Braziliya və Meksika çempionatlarında çıxış edib.
“Real”ın heyətində iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, klublararası dünya çempionatının və İspaniya çempionatının qalibi olan Rodriges, həmçinin bir dəfə İspaniya Super Kubokunu qazanıb. “Bayern”lə iki dəfə Almaniya çempionu olan yarımmüdafiəçi ölkə kubokunu da başı üzərinə qaldırıb. “Portu”nun formasında isə üç dəfə Portuqaliya çempionluğu, bir dəfə UEFA Avropa Liqası, Portuqaliya Kuboku və Super Kuboku sevinci yaşayıb.
Xames Rodriges Kolumbiya millisinin heyətində keçirdiyi 131 oyunda 31 qol vurub və 43 məhsuldar ötürmə edib. O, yığmanın bombardirlər siyahısında 36 qolla lider olan Radamel Falkaodan sonra ikinci pillədə qərarlaşıb. Rodriges 2014-cü il dünya çempionatının 6 qolla ən məhsuldar futbolçusu olub. O, həmçinin Amerika Kubokunun gümüş (2024) və bürünc (2016) mükafatçısıdır.


