Eddi İsrafilov “Albasete” ilə vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Sequndanı 38 xalla sonuncu – 22-ci sırada başa vuran komanda daha aşağı liqaya yuvarlanıb. Bu üzdən də klub rəhbərliyi heyətlə bağlı ciddi islahatlara əl atmaq məcburiyyətində qalıb. “Albasete” ötən gün 18 futbolçusu ilə vidalaşdığını açıqlayıb. Onların arasında İsrafilovun da adı var. Klub hər bir futbolçuya xidmətlərinə görə təşəkkür edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ildən “Albasete”nin uğurları üçün çalışırdı. 28 yaşlı futbolçu daha öncə “Alkorkon”, “Ximnastik”, “Kadis”, “Kordoba”, “Eybar”, “Qranada” və “Mursiya” komandalarında da çıxış edib.

İsrafilov 2015-ci ildən dəvət almağa başladığı Azərbaycan yığmasında 13 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: