Bu yay “Araz-Naxçıvan”dan azad agent kimi ayrılmış cinah müdafiəçisi Ürfan Abbasov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, klub 33 yaşlı müdafiəçi Ürfan Abbasovu heyətinə qatıb. Təcrübəli futbolçu ilə müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Xatırladaq ki, Ürfan Abbasov 2024-cü ildən “Araz-Naxçıvan”da çıxış edirdi. 33 yaşlı cinah müdafiəçisi bu komandanın kapitanı idi. O, Naxçıvan klubunun forması ilə meydana çıxdığı 65 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.
Ürfan “Qəbələ”nin yetirməsidir. O, daha öncə bu komanda ilə yanaşı, “Səbail”in də uğurları üçün çalışıb.
Abbasov vaxtilə Azərbaycanın U-21 və əsas yığmalarında da forma geyinib. Təcrübəli müdafiəçi əsas millimizin heyətində meydana çıxdığı 10 oyunda 1 qol vurub.
Xatırladaq ki, “Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev və Azuma Abubakarı da heyətinə qatıb. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə imzalanıb. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev, Olavale Onanuqa və Ryonosuke Ohori isə komandanı tərk ediblər.


