Cəlal Hüseynov “Petrolul”da debüt etdi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Rumıniyanın “Petrolul” komandasının heyətində rəsmi debüt matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın bu yay müqaviilə bağladığı sözügedən komanda Rumıniya çempionatının 2026/2027-ci illər mövsümünün 2-ci turu çərçivəsində bu gün “Arges”lə qarşılaşıb.

“Petrolul” səfər oyunundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Cəlal fasilədən dərhal sonra, 46-cı dəqiqədə meydana buraxılıb.

Xatırladaq ki, azərbaycanlı müdafiəçi bu yay “Petrolul”a azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb.

“Zirə”nin yetirməsi olan Cəlal Hüseynov 2023-cü ilin iyun ayında Bolqarıstanın “Arda” klubuna keçib. Azərbaycanlı futbolçu bu komandada 87 rəsmi oyuna çıxıb, 5 qol vurub. Cəlal 2024/2025-ci illər mövsümünü icarə əsasında “Şamaxı”da keçirsə də, 2025-ci ilin yayında yenidən Bolqarıstan klubuna qayıtmışdı.

Hüseynov 2021-ci ilin noyabrında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 10 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: